Murtuz Ələsgərov I Fəxri Xiyabanda dəfn ediləcək - YENİLƏNİB

7 Avqust 2012 17:02
17:02

Murtuz Ələsgərov I Fəxri Xiyabanda dəfn ediləcək. Bu barədə APA-ya Milli Məclisdən məlumat verilib.

----------
12:49

Azərbaycan Milli Məclisin keçmiş spikeri Murtuz Ələsgərov vəfat edib. 

Bu gün uzun sürən ağır xəstəlikdən sonra Mərdəkandakı bağ evində vəfat etmiş Milli Məclisin sabiq spikeri, professor Murtuz Ələsgərov sabah torpağa tapşırılacaq.

Bu barədə APA-ya mərhumun qohumları məlumat veriblər. Sabah səhər saatlarından başlayaraq sabiq spikerlə vida mərasimi keçiriləcək. Vida mərasiminin keçmiş Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilməsi nəzərdə tutulur. Murtuz Ələsgərovun harada dəfn olunacağı hələlik dəqiqləşməyib.

----------
10:32

Trend-in məlumatına görə, Ələsgərov uzun sürən xəstəlikdən sonra 84 yaşında Bakıda dünyasını dəyişib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışmışdır.

1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olmuşdur. 1965-ci ildən universitetin konstitusiya hüququ kafedrasının müdiridir.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Hüquq elmləri doktoru, professor, respublikanın əməkdar hüquqşünasıdır. "İstiqlal" ordeni, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. MDB-nin "Sodrujestvo" ordeninə və Rusiya Federasiyasının "Dostluq" ordeninə layiq görülüb.

Kiyev Milli Universitetinin fəxri doktorudur. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvüdür. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir.

30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.

Yeni Azərbaycan Partiyası sədrinin müavinidir.

M.Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

Milli.Az