Hər kəs zibil deyib atır, amma sərvət qazandırır: Xarici ölkələr növbəyə düzülüb alır

19 Yanvar 2026 08:41

Mətbəxlərimizdə meyvə yeyərkən və ya yemək hazırlayarkən zibil qutusuna atdığımız meyvə çəyirdəkləri və qabıqları, əslində xarici ölkələr üçün böyük bir xammal mənbəyidir. Xüsusilə Avropa və Uzaq Şərq ölkələri bu "tullantıları" tonlarla idxal edir.

Milli.Az bu sahədə ən çox tələbat görən məhsulları təqdim edir:

Gilasın saplağı qurudularaq çay və arıqlama məhsulları üçün Avropaya satılır. Bundan əlavə, ərik, şaftalı və gilasın çəyirdəkləri kosmetika sektorunda (skrab və yağlar üçün) və bio-yanacaq istehsalında istifadə olunur.

Sitrus meyvələrinin qabıqları ətriyyat, qida sənayesi (şirniyyat əlavələri) və təmizlik vasitələrinin istehsalı üçün qızıl dəyərindədir. Xüsusilə qurudulmuş qabıqlar yüksək qiymətə alıcı tapır.

Narın qabığı tərkibindəki yüksək antioksidantlara görə əczaçılıq sənayesində dərman istehsalı üçün istifadə edilir. Bir vaxtlar zavodların zibil olaraq kənara atdığı bu qabıqlar indi ixracatın önəmli bir hissəsinə çevrilib.

Qoz və Fındıq qabıqları - Bu sərt qabıqlar üyüdülərək sənaye sahələrində, metal təmizləmədə, kosmetik peeling məhsullarında və yüksək keyfiyyətli kömür istehsalında istifadə olunur.

Niyə xarici ölkələr bunları alır? İnkişaf etmiş ölkələr "sıfır tullantı" və "dövri iqtisadiyyat" modelinə keçdikləri üçün təbii mənbələrdən maksimum yararlanmağa çalışırlar. Bu tullantılar həm ucuz xammaldır, həm də tamamilə təbiidir.

Lalə Qüdrətova
Milli.Az