İlon Mask “OpenAI” və “Microsoft”a qarşı milyardlarla dollarlıq iddia qaldırdı

17 Yanvar 2026 18:34

Amerikalı iş adamı İlon Mask "OpenAI" və "Microsoft" şirkətlərinə qarşı iri məbləğdə təzminat tələbi ilə məhkəməyə müraciət edib.

Milli.Az-ın məlumatına görə, Bloomberg nəşri bu barədə məhkəmə materiallarına istinadən xəbər yayıb.

İ.Mask iddia ərizəsində qeyd edib ki, "OpenAI" əvvəlcə qeyri-kommersiya qurumu kimi təqdim olunsa da, sonradan bu statusdan imtina edərək onu yanlış məlumatlandırıb. Sahibkar bu səbəbdən hazırda təxminən 500 milyard dollar dəyərində qiymətləndirilən şirkətin bazar dəyərinin müəyyən hissəsinə iddia irəli sürdüyünü bildirir.

Məhkəmə sənədlərində vurğulanır ki, Mask 2015-ci ildə "OpenAI"nin yaradılmasına təxminən 38 milyon dollar sərmayə yatırıb və iddiaya görə, bu vəsaitdən sonradan kommersiya məqsədləri üçün istifadə olunub.

"Bloomberg"in yazdığına görə, Mask "OpenAI" və onun əsas tərəfdaşı "Microsoft"dan 79 milyard dollardan 134 milyard dollara qədər təzminat tələb edir.

"OpenAI" isə bu iddiaları qəbul etməyərək, məsələni İlon Maskın şirkətə qarşı apardığı təzyiq və təqib kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib.

Milli.Az