ABŞ Prezidenti Donald Trampın hamiləlik zamanı parasetamol qəbulunun uşaqlarda autizmə səbəb olması ilə bağlı səsləndirdiyi fikirlər genişmiqyaslı yeni elmi araşdırma ilə təkzib olunub.
Milli.Az-ın məlumatına görə, bu barədə The Guardian nəşri yazıb.
Xatırladaq ki, ötən il Donald Tramp hamilə qadınlara müraciət edərək ABŞ-də "Tylenol" adı ilə satılan parasetamolun istifadəsinin autizm riskini artıra biləcəyini iddia etmişdi. Lakin "The Lancet Obstetrics, Gynaecology & Women's Health" jurnalında dərc olunan və 43 elmi tədqiqatı əhatə edən sistematik icmal və meta-analiz bu iddiaları təsdiqləməyib.
Araşdırmada qeyd olunur ki, ananın hamiləlik dövründə parasetamol qəbul etməsi ilə uşaqlarda autizm spektr pozğunluğu və ya əqli gerilik arasında heç bir elmi əlaqə aşkarlanmayıb.
Tədqiqat müəlliflərinin fikrincə, autizmin yaranmasında genetik və ailəvi meyillər parasetamolun mümkün təsirindən daha əsas amillərdir. Eyni zamanda, hamilə qadının bu dərmanı qəbul etməsinə səbəb olan tibbi vəziyyətin uşağın neyropsixoloji inkişafına daha çox təsir göstərə biləcəyi vurğulanır.
Qeyd edək ki, Donald Tramp sentyabrın 22-də Ağ Evdə keçirdiyi mətbuat konfransında "Tylenol"un zərərli ola biləcəyini bildirmiş və hamilə qadınlara bu dərmanın istifadəsini həkimlə müzakirə etməyi tövsiyə etmişdi.
Ümumdünya Səhiyyə Təşkilatı da Trampın açıqlamalarını rəsmi şəkildə təkzib edib.
Milli.Az