İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində saxlanılan və daha sonra barələrində "ölkədən çıxış qadağası" qoyulmaqla sərbəst buraxılan aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlunun narkotik testlərinin nəticəsi bəlli olub. Hər iki məşhurun analiz nəticələri təmiz (neqativ) çıxıb.
Milli.Az xəbər verir ki, test nəticələrindən sonra açıqlama verən Oktay Kaynarca bildirib ki, üzərindəki bu ağır ittiham hesabatla birlikdə təmizə çıxıb: "Alnım açıq, başım dikdir demişdim və bunu sübut etdim. Bu çətin günlərdə mənə dəstək olan milyonlarla insana təşəkkür edirəm. Dövlətin narkotiklə mübarizə əməliyyatlarını sonuna qədər dəstəkləyirəm."
Aktyor ifadəsində həmçinin bildirib ki, adı hallanan digər şəxslərdən biri olan Murat Gülibrahimoğlu ilə dostdur və ondan bir tanıtım çarxı üçün 100 min dollar alıb, lakin layihə baş tutmadığı üçün həmin pulu geri qaytarıb. O, haqqındakı digər ittihamları qəti şəkildə rədd edib.
Müğənni Emel Müftüoğlu da narkotik istifadə etmədiyini test nəticəsi ilə təsdiqləyib. Lakin o, ifadəsində bəzi maraqlı məqamlara toxunub:
Müftüoğlu, başqa bir şübhəlinin (Rabia Karaca) onun Riva bölgəsindəki bir məkanda qumar masası qurduğu barədə iddialarını qismən qəbul edib. O, həmin məkanda oyun oynadığını təsdiqləsə də, narkotik və digər ağır cinayətlərlə əlaqəsinin olmadığını bildirib.
Müğənni heç kimdən kimisə tanış etmək müqabilində pul almadığını və fahişəliyə vasitəçilik etmədiyini, telefon danışıqlarının incələnməsi zamanı bunun üzə çıxacağını vurğulayıb.
Lalə Qüdrətova
Milli.Az