Əsas məzuniyyət və onun müddətləri qaydalarında dəyişiklik ediləcək.
Milli.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.
Daha əvvəl əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmirdi.
Qanuna əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri, ümumxalq hüzn günü və səsvermə günü məzuniyyət günləri hesab edilməyəcək və ödənilməyəcək, lakin məzuniyyətin müddəti bu günlərin sayı qədər uzadılacaq.
Bu halda, Qurban və Ramazan bayramları iş günü hesab olunmayan başqa bayram günü ilə üst-üstə düşdükdə və bu hal əmək məzuniyyəti dövrünə təsadüf etdikdə üst-üstə düşən günlər bir gün hesabı ilə nəzərə alınacaq.
Daha əvvəl məsul vəzifələrdə (vəzifənin məsulluğu işin xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir) qulluq keçən dövlət qulluqçularına, müəssisənin rəhbər işçilərinə və mütəxəssislərinə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində verilirdi.
Qanuna əsasən, inzibati vəzifələrdə çalışan dövlət qulluqçularına, vahid tarif-ixtisas sorğu kitabçalarına uyğun olaraq rəhbər və mütəxəssis kateqoriyasına aid edilən işçilərə ödənişli əsas məzuniyyət 30 təqvim günü müddətində veriləcək.
Milli.Az