Bakıda fəaliyyət göstərən "By Məhsəti" qadın salonu müştərilərin hüquqlarının pozub.
Milli.Az xəbər verir ki, bununla bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova müraciət olunub.
Şikayətçinin sözlərinə görə, 22 oktyabr tarixində Şamil Əzizbəyli küçəsi 104 ünvanında yerləşən "Jalə Plaza" Ticarət Mərkəzinin 2-ci mərtəbəsində fəaliyyət göstərən "By Məhsəti" qadın salonuna bədən şəkilləndirmə prosedurları üçün müraciət edib. O, salonla "Instagram" üzərindən tanış olub və endirimli qiymətə yaxşı nəticə vəd edildiyi bildirilib.
Müraciət zamanı prosedurları həyata keçirən Məhsəti adlı şəxs şikayətçiyə daha geniş və bahalı xidmət paketini tövsiyə edib. Ümumi məbləğin 200 manat olduğu bildirilib və ilkin olaraq 100 manat ödəniş tələb olunub. Şikayətçi həmin məbləği nağd pulu olmadığı üçün M10 vasitəsilə salona məxsus karta köçürüb.
Lakin ödənişdən sonra nə ertəsi gün, nə də sonrakı günlərdə salon tərəfindən heç bir zəng və ya məlumat verilmədiyi bildirilib. Bu səbəbdən o, salonun xidmətlərindən tamamilə imtina edərək ödədiyi 100 manatın geri qaytarılmasını tələb edib.
Şikayətçinin sözlərinə görə, salon rəhbərliyi pulun geri qaytarılmadığını, istənilən vaxt gəlib prosedurlardan yararlana biləcəyini bildirib. Bir neçə dəfə edilən müraciətlərə baxmayaraq, eyni cavab verilib. Daha sonra isə məsələ ilə bağlı "müdürlə əlaqə saxlanılacağı" və geri dönüş ediləcəyi bildirilsə də, indiyədək heç bir əlaqə yaradılmayıb.
Şikayətçi bildirir ki, salonla "WhatsApp" və "İnstagram" üzərindən olan yazışmalar mövcuddur. Lakin hazırda həmin telefon nömrəsinin və sosial şəbəkə səhifəsinin bağlandığı, əlaqənin mümkün olmadığı qeyd olunur.
Məsələ ilə bağlı 27 oktyabr 2025-ci ildə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə də müraciət edildiyi bildirilib. Agentliyin əməkdaşı Nərmin Başirova tərəfindən araşdırmaya başlanıldığı, lakin salona qarşı digər şikayətlərin də olduğu üçün prosesin əvvəlcə 30 gün, daha sonra isə əlavə 30 gün uzadıldığı vurğulanıb.
Şikayətçi Azad İstehlakçılar Birliyinə müraciətində istehlakçı hüquqlarının pozulduğunu bildirərək, ödədiyi 100 manatın geri qaytarılmasına kömək göstərilməsini tələb edib.
Mina Mikayılova
Milli.Az