Assosiasiya sədri: Bələdiyyələri “qəbir yeri satan” kimi təqdim edirlər

16 Yanvar 2026 16:13

Bələdiyyələri "qəbir yeri satan" kimi təqdim edirlər.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri Hümbət Hüseynov bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclasında deyib.

Hümbət Hüseynov bildirib ki, vaxtilə bələdiyyələr cəmiyyətdə "torpaq satan təşkilat" kimi tanınırdı: "Bu anlayış artıq bizim leksikonumuzdan çıxmalıdır. Lakin son illərdə, xüsusilə 2018-ci ildən sonra qəbiristanlıqların bələdiyyələrin balansına verilməsi ilə əlaqədar bələdiyyələrin "qəbir yeri satan" qurum kimi tanınması təhlükəsi yaranır. Qəbiristanlıqlar bələdiyyələrə təhvil verilib, lakin bəzi regionlarda qəbir yerləri müxtəlif qiymətlərlə təqdim olunur, bəzi hallarda rüsum tətbiq edilir. Məsələn, Binəqədi rayonunda qəbir yeri üçün 61 manat məbləğində rüsum tətbiq edilir. Sual yaranır ki, bu rüsum hansı əsasla müəyyən edilib? Qanunvericiliyə görə, bu məsələlər müvafiq orqanlar tərəfindən tənzimlənməlidir".

Milli.Az