Miqrantların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsinin müşayiəti, nəzarəti və etibarlılığı ilə bağlı məsələləri əhatə edən üç qanun layihəsi Rusiya Dövlət Dumasına təqdim edilib.
Milli.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Dumasının vitse-spikeri İrina Yarovaya məlumat verib.
"Biz Rusiya Federasiyasına əmək fəaliyyəti həyata keçirmək üçün gələn xarici vətəndaşların sağlamlıq təhlükəsizliyinin sənədlərlə təsdiqlənməsinin müşayiəti, nəzarəti və etibarlılığı məsələlərini əhatə edən üç kompleks qanun layihəsi hazırlamışıq. Böyük iş görülüb və nəticə etibarilə təqdim olunan bütün qanun layihələri hökumət, Ali Məhkəmə, bütün hüquq-mühafizə orqanları və aidiyyəti qurumlar tərəfindən iradlar olmadan dəstəklənib", - deyə deputat bildirib.
Xüsusilə, miqrantların tibbi müayinədən yayınmasına görə məsuliyyətin 12 dəfədən çox artırılması və məbləğin 25-50 min rubladək yüksəldilməsi, həmçinin məhkəmənin qərarı ilə ölkədən çıxarılma imkanının tətbiqi təklif olunur.
Sənədlərə əsasən, miqrantların tibbi müayinəsinin aparılması qaydasının pozulmasına görə tibb müəssisələri üçün 1 milyon rubladək cərimə tətbiq edilməsi də nəzərdə tutulur.
Təşəbbüsdə qeyd olunur ki, miqrant tərəfindən tibbi müayinədən keçməyə dair saxta arayışdan istifadə edilməsi 1 milyon rubladək cərimə ilə yanaşı, dörd ilədək azadlıqdan məhrumetmə də daxil olmaqla cinayət məsuliyyətinə səbəb ola bilər.
Ayxan
Milli.Az