"Arsenal" klubunun rəhbərliyi baş məşqçi Mikel Artetanın fəaliyyəti və komandanın göstərdiyi nəticələrdən razı qalıb və onunla bağlı uzunmüddətli planlar qurur.
Milli.Az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, London təmsilçisi ispaniyalı mütəxəssislə müqaviləni uzatmağı nəzərdə tutur. Hazırda Artetanın klubla anlaşması 2027-ci ilin yayına qədər qüvvədədir. Rəhbərlik isə əməkdaşlığın ən azı 2028/29 mövsümünün sonunadək davam etməsini istəyir.
Xatırladaq ki, Mikel Arteta 2019-cu ilin dekabrında "topçular"ın baş məşqçisi postuna gətirilib. Onun rəhbərliyi altında "Arsenal" 2019/20 mövsümündə İngiltərə Kubokunu, həmçinin iki dəfə Super Kuboku qazanıb.
Arteta bu mövsüm də komandanı uğurla idarə edir. "Arsenal" Premyer Liqada rəqiblərini 6 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edir. Eyni zamanda, London klubu Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi altı oyunun hamısını qələbə ilə başa vuraraq diqqət mərkəzinə düşüb.
Hüseyn
Milli.Az