Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib

16 Yanvar 2026 09:10

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılmasını təşkil etmək üçün yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət birgə Komissiyanın iclasında kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə cari vəziyyət, il ərzində aparılmış qiymətləndirmələrin nəticələri, habelə mövcud risklər müzakirə olunub, 2026-cı il üzrə əsas funksional hədəflər müəyyən edilib.

Milli.Az-ın xəbərinə görə, bildirilib ki, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə yerində aparılmış qiymətləndirmələr zamanı bəzi subyektlər tərəfindən təqdim edilən daxili audit hesabatlarında əks olunmuş vəziyyət ilə faktiki durum arasında uyğunsuzluqlar aşkarlanıb. Qeyd olunanlar əsas götürülərək, kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin möhkəmləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının vacibliyinə diqqət çəkilib.

İclasda həmçinin müvafiq normativ hüquqi mexanizmlərin tətbiqi, həyata keçirilmiş tədbirlər, kibertəhdid məlumatlarının mübadiləsi və beynəlxalq əməkdaşlıq üzrə praktik nəticələr müzakirə edilib.

Eyni zamanda, mövcud çağırışlar nəzərə alınaraq, kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin təkmilləşdirilməsi istiqamətində təkliflər müzakirə olunub.

İclasın yekununda kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair hazırlanmış yekun hesabat qəbul edilib.

Milli.Az