30 yaşdan sonra əzələ itkisinin qarşısını necə almalı?

16 Yanvar 2026 21:35

Bir çoxumuz üzümüzdəki qırışlara qarşı mübarizə aparsaq da, bədənimizin daxilində baş verən daha ciddi bir yaşlanma prosesini - əzələ itkisini unuduruq. Elmi araşdırmalar göstərir ki, 30 yaşdan etibarən əzələ kütləsi hər on ildə 3-5% azalmağa başlayır. Bu proses 60 yaşdan sonra daha da sürətlənir.

Milli.Az əzələ itkisinə qarşı ən təsirli üsullar və diqqət edilməli məqamları təqdim edir:

Müqavimət məşqləri edin
Əzələləri qorumağın və inkişaf etdirməyin yeganə yolu onları bir gücə qarşı işlətməkdir. Bu, sadəcə bədən çəkisi ilə edilən hərəkətlər (squat, şınav), pilates bantları və ya ən təsirlisi olan çəki qaldırmaq (dumbbell, barbell) ola bilər.

Çəki qaldırmaqdan qorxmayın
Xüsusilə qadınlar çəki qaldırarkən "həddindən artıq əzələli və kişi kimi" görünəcəklərindən qorxurlar. Mütəxəssislər bunun bir mif olduğunu bildirir. Qadınlarda estrogen hormonu əzələ qazanmağı çətinləşdirir; buna görə də çəki qaldırmaq sizi sadəcə daha fit, bərk və sağlam göstərəcək.

Davamlılıq üçün kiçik addımlar atın
İdmana birdən-birə həftədə 5 gün hədəfi ilə başlamaq tez yorulmağınıza səbəb ola bilər. Həftədə 2 günlə başlayın və idman zalının evinizə və ya işinizə yaxın olmasına diqqət edin ki, getmək sizin üçün yükə çevrilməsin.

Sadəcə görünüş deyil, həm də psixologiya
Araşdırmalar göstərir ki, müqavimət məşqləri təkcə bədəni deyil, həm də zehni qoruyur. Bu cür məşqlər təşviş (anksiyete) və depressiya əlamətlərini azaltmağa kömək edən "alternativ terapiya" hesab olunur.

Günlük həyatda azadlıq
Güclü əzələlər gələcəkdə pilləkən çıxarkən nəfəs-nəfəsə qalmamaq, daha az zədələnmək və yaş artsa da müstəqil şəkildə hərəkət edə bilmək deməkdir. 

Lalə Qüdrətova
Milli.Az