"Emil Rəhmanoğlunu bu vəziyyətə gətirən ona paxıllıq edən müğənni idi. İnsanlar qabağa gedəndə bəziləri paxıllıq edir, bunu həzm edə bilmirlər. Hansısa pis bir şey varsa, aparıb o yola alışdırırlar. Emili o hala gətirənə qədər müğənni ondan əl çəkmədi. Evini yıxdı, bədbəxt etdi və gənc yaşında dünyasını dəyişdi".
Milli.Az xəbər verir ki, bu sözləri aparıcı Elgiz Əkbər "Elgizlə izlə" verilişində Əməkdar artist Rəhman Rəhmanovun mərhum oğlu, müğənni Emil Rəhmanoğludan danışarkən deyib. O, həmin ifaçının kimliyini açıqlamasa da, Emilin sağlam və dayanıqlı bir orqanizminin olduğunu qeyd edib:
"Bir dəfə dəhşətli bir vəziyyətdə idi, Emili həkimə aparmışdım. Həkim palatadan çıxdı və dedi ki, "Bu oğlanın canı necə də sağlamdır. Emilin qəbul etdiklərini, fil etsə, dizlərini yerə qoyar. Nə yaxşı ki, hələ də sağdır". Bu cür sağlam, ürəyi gözəl olan istedadlı uşağı yoldan çıxardılar".
Xatırladaq ki, Emil Rəhmanoğlunun anası Ulduz xanım illər əvvəl "Günə son" verilişində "Emilin narkotik asılılığı toy məclislərinə gedib-gəlməklə başladı. 2005-ci ildə Emil "Azəristar" mahnı yarışmasına qatılmışdı. Az da olsa, müsabiqə də onu lazımsız "kruqlara" saldı" sözlərini demişdi.
Qeyd edək ki, Emin Rəhmanoğlu 2023-cü ildə xəstəxanada dünyasını dəyişib. Onun ölümünə səbəb ürəyində yaranan tromb olub. (Axşam.az)
Milli.Az