Türkiyənin yayım nəzarəti orqanı olan RTÜK son iclasında yayım prinsiplərini pozan məzmunlara qarşı beş fərqli sanksiya tətbiq edib. Şiddətin normallaşdırılması, qadın hüquqlarının pozulması və milli-mənəvi dəyərlərə zidd ifadələr cəzaların əsas səbəbi olub.
Milli.Az xəbər verir ki, dekabr ayı ərzində yayımlanan "Veliaht" serialında şiddətin təşviq edildiyi və normallaşdırıldığı əsas gətirilərək kanala 2% məbləğində inzibati pul cəzası verilib.
"Halef: Köklerin Çağrısı" serialında çoxarvadlılığın təbii bir hal kimi göstərilməsi və qadınların aşağılayıcı şəkildə təqdim edilməsi qanun pozuntusu hesab edilib. Kanal həm bu seriala, həm də reklam qaydalarını pozan "Efsane Futbol" proqramına görə cərimələnib.
Həsən Can Kayanın təqdim etdiyi məşhur "Konuşanlar" proqramı Disney+ platformasının kataloqundan çıxarılıb. RTÜK proqramda sədaqətsizlik, qumar və küçə söyüşlərinin "uğur hekayəsi" kimi təqdim edildiyini, bunun isə ümumi əxlaqa və ailə mahremiyyətinə zidd olduğunu bildirib.
Musiqi platformasında bəzi pleylistlərin (mahnı siyahıları) və mahnıların adları arqo və mənəvi dəyərlərə zidd hesab edildiyi üçün həmin məzmunların silinməsi tələb olunub və platforma cərimələnib.
Lalə Qüdrətova
Milli.Az