Yas mərasimləri tarixə qovuşur? – DEPUTAT AÇIQLADI

15 Yanvar 2026 17:40

Son illər Azərbaycanda yas mərasimlərində artan xərclər və israfçılıq halları cəmiyyətdə ciddi narazılıq doğurur. Maddi imkanından asılı olmayaraq ailələrin sosial təzyiq altında qalması fonunda bu mərasimlər üçün dövlət tərəfindən standart sosial paketin tətbiqi məsələsi gündəmə gəlib.

Milli.Az xəbər verir ki, bu barədə Medialoq.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, bu məsələ cəmiyyətin mədəniyyət problemi ilə bağlıdır:

"Ona görə də bunun həlli üçün qanunvericilik səviyyəsində addım atmaq məqsədəuyğun deyil. Çıxış yolu ailə daxilində, qohumlar arasında və ya icma səviyyəsində ortaq qərarların verilməsindən keçir. İnsanlar öz davranışları ilə vəziyyəti daha da ağırlaşdırırlarsa, buna inzibati yolla müdaxilə etmək effektiv olmaz. Bu yanaşma mədəni kompetensiyanın çatışmazlığından irəli gəlir. Məhz buna görə də əsas məsuliyyət insanların öz üzərinə düşür. İnsanlar necə yaşamaq və hansı dəyərlərə üstünlük vermək barədə qərarı özləri verməlidirlər. Bu prosesdə ən təsirli vasitə cərimə və ya qadağa deyil, müsbət nümunələrin təbliğidir. İnsanlar yaxşı nümunələrə baxaraq, məsələn, toy və yas məclislərindəki israfçılığa öz istəkləri ilə son qoya bilərlər. Əks halda, bu məsələ hər kəsin şəxsi seçimi olaraq qalacaq".

Milli.Az