"KredAqro BOKT" MMC 90%-lə kredit verib.
Bu barədə Milli.Az-a şikayət daxil olub.
Şikayətçi bildirir ki, 13 oktyabr 2025-ci il tarixində sözügedən şirkətdən 100 manat məbləğində, aylıq ödənişi 42 manat olmaqla 3 aylıq kredit götürüb. Lakin həmin tarixdən bəri ödəniş edə bilməyib.
Onun sözlərinə görə, 3 ayın tamamında borc məbləği 310 manata yüksəlib:
"100 manat verib, 300 almaq istəyirlər. Müqavilənin müddəti bitib, amma hələ də faiz hesablanır. Şirkət deyir ki, gündəlik 5 faiz hesablanır. Harada görülüb ki, gündəlik 5 faiz olsun? Müqvilədə faktiki illik faiz dərəcəsi 162,5 faiz kimi göstərilib".
Vətəndaş qeyd edir ki, şirkət özünün Mərkəzi Banka tabe olmadığını bildirir:
"Deyirlər ki, müqavilədə yazılıb. Deməli, onlar müqaviləyə 20 faiz yazsalar, belə də olmalıdır".
Şikayətçinin iddiasına görə, artıq 180 gündən çoxdur ki, kredit üzrə faiz hesablanması davam edir və şirkət əməkdaşları borcun daha da artacağını bildirirlər.
Digər məqam isə hissə-hissə ödənişin mümkünsüzlüyüdür. Vətəndaş deyir ki, tətbiqdə yalnız borcun tam ödənilməsi şərti ilə faiz hesablanmasının dayandırılacağı göstərilir.
Mina Mikayılova
Milli.Az