"İstənilən ölkənin qonşuluğunda olan dövlətdə daxili proseslər, qarşıdurmalar və qeyri-sabitlik yarana bilər. Bu cür hadisələrin qonşu ölkələrə təsirsiz ötüşmədiyi də beynəlxalq praktikada qəbul olunmuş faktdır".
Milli.Az xəbər verir ki, bunu Medialoq.az-a açıqlamasında Ağ Partiyanın sədri Tural Abbaslı bildirib.
O deyib ki, ehtimal olunan risklərə görə illərlə sərhədlər bağlanmalı, iqtisadiyyat zəiflədilməli və insanların sərbəst hərəkət hüququ məhdudlaşdırılmalıdır:
"Belə yanaşma nə hüquqi, nə də məntiqi baxımdan əsaslı sayıla bilər. Məsələn, İranda baş verən daxili qarşıdurmaların müəyyən risklər yarada biləcəyi istisna edilmir, amma bu risk ehtimal xarakteri daşıyır. Dünyada qəbul olunmuş praktika ondan ibarətdir ki, sərhədlər yalnız konkret və kəskin təhlükə yarandıqda, qısa müddətlik bağlanır. Müəyyən tarixdən etibarən kütləvi iğtişaşlar başlayıbsa, vəziyyət stabilləşənədək müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər".
O qeyd edib ki, beş il ərzində sərhədləri bağlı saxlamaq və bunu mümkün gələcək hadisələrlə əsaslandırmaq güclü arqument deyil:
"Əks halda, Rusiyada müharibə getdiyi bir vaxtda da oxşar məntiq bütün sərhədlərə tətbiq edilməli idi. Əksər ölkələr qonşu dövlətlərdə müharibə və ya iqtisadi böhran olsa belə, sərhədləri tam bağlamır. Çünki iqtisadi əlaqələr, ticarət, insanların gəlirləri və səyahət azadlığı nəzərə alınır. "Beş il sonra İranda hadisələr baş verdi, yaxşı ki, əvvəlcədən bağlamışdıq" yanaşması doğru hesab edilə bilməz. Qərarlar konkret vəziyyətə uyğun, anlıq risklər əsasında verilməlidir. Əgər sərhəddə real insan axını və ya təhlükə yoxdursa, uzunmüddətli bağlanmaların əsaslandırılması çətin görünür".
Milli.Az