Robotlar həkimləri əvəz edəcək? - Elon Musk tibb təhsili almamağa çağırdı

16 Yanvar 2026 04:04

ABŞ-li milyarder Elon Musk gənclərə tibb təhsili almamağı tövsiyə edib.

Milli.Az-ın məlumatına görə, Musk bildirib ki, rəhbərlik etdiyi "Tesla" şirkətinin istehsal etdiyi "Optimus" robotları yaxın üç il ərzində dünyadakı ən yaxşı cərrahdan belə daha uğurlu əməliyyatlar həyata keçirə biləcək.

Musk bu fikirləri ilə geniş müzakirələrə səbəb olub. Maraqlıdır, bu iddia nə dərəcədə realdır?

Robot texnologiyaları və süni intellektin artıq həkimlərə yardımçı olmağa başladığı faktdır. Məsələn, ötən ilin iyul ayında süni intellektlə idarə olunan bir robot ABŞ-nin Johns Hopkins Universitetində öd kisəsi əməliyyatı həyata keçirib və əməliyyat uğurlu alınıb. Qeyd olunur ki, əməliyyat canlı insan üzərində deyil, real toxuma və daxili orqanlara malik model üzərində aparılıb.

Bundan başqa Çində bir şirkət tərəfindən hazırlanan cərrahi robot donuz üzərində öd yolları əməliyyatını insan müdaxiləsi olmadan həyata keçirib və nəticə 88 faiz uğurlu olub.

Ekspertlər bildirirlər ki, böyük və mürəkkəb cərrahi əməliyyatlarda robotların geniş şəkildə istifadəsi qısa müddətdə mümkün olmayacaq. Buna baxmayaraq, süni intellekt və robot texnologiyalarının tibbdə rolu sürətlə artır.

Elon Muskın sözlərinə görə, "Optimus" robotlarının bu il ərzində satışa çıxarılması planlaşdırılır.

Mina Mikayılova
Milli.Az