Avtobusla Naxçıvana gedən sərnişinlər niyə soyuq havada yolda qalırlar? - AÇIQLAMA

15 Yanvar 2026 11:40

Sosial şəbəkələrdə yayılan məlumatlara görə, Bakıdan Naxçıvana gedən avtobus sürücüləri sərnişinləri soyuq havada yolda qoyub, yollarına davam edirlər. Buna səbəb isə, sərnişinlərin Culfa gömrüyünün həm İran, həm də Naxçıvan tərəfində saatlara davam edən yoxlanış prosesinə sürücülərin səbrsiz davranışıdır.

Mövzu ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildiriblər ki, sərnişinlər gömrük məntəqəsində avtobusu tərk etdikdən sonra nəqliyyat vasitəsi prosedura uyğun olaraq müəyyən yoxlamalardan keçir və sənədləşmə işləri aparılır.

"Yalnız yoxlamalar bitdikdən sonra avtobus gömrük məntəqəsini tərk edir. 

Problemin kökündə bəzi sərnişinlərin məsuliyyətsizliyi və İran gömrük məntəqəsi ərazisində alış-veriş etməsi səbəbindən avtobusa gecikməsi dayanır. 

Avtobuslar məntəqədəki yoxlamalardan sonra sərnişinləri 30 dəqiqə gözləyir. Qeyd edək ki, avtobus hələ İran ərazisində olarkən sürücü sərnişinlərə bu barədə xəbərdarlıq edir. Gözləmə vaxtı tamam olduqda avtobuslar ərazini tərk edir. 

Əlavə edək ki, yüksüz sərnişinlərin əksəriyyəti sərhədi keçdikdən sonra xəbərdarlıq etmədən taksilərlə, yaxud dayanacaqda saxladıqları şəxsi avtomobillərlə ərazini tərk edir. Bu səbəbdən avtobus sürücüsü nə qədər sərnişini gözləməyin lazım olduğunu dəqiq müəyyən edə bilmir.

Eyni zamanda, problemlə üzləşmiş vətəndaşın bizimlə əlaqə saxlamasını xahiş edirik. Tərəfimizdən təcili araşdırma aparılacaq və müvafiq tədbirlər həyata keçiriləcək", - deyə qurumdan bildirilib.

Fərid Zöhrabov
Milli.Az