Sosial şəbəkələrdə "WhatsApp"la bağlı növbəti iddia yayılıb.
Milli.Az-ın məlumatına görə, bildirilir ki, guya "WhatsApp"da "Martinelli" adlı təhlükəli video statuslarda paylaşılacaq və onu açan istifadəçilərin hesabı ələ keçirilcək.
İddialara görə, sözügedən video bütün cihazlara sirayət edir və bunun qarşısını almaq mümkün deyil.
Həmçinin "WhatsApp" yenilənməsinə dair mesaj aldıqda, həmin mesajı açmamaq tövsiyə olunub.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata görə, "Telegram" və "WhatsApp" ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi halları artıb. Daxil olan müraciətlər və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox hallarda istifadəçilər tərəfindən əlavə təhlükəsizlik imkanlarından istifadə olunmur. Bu baxımdan, vətəndaşlara tövsiyə edilir ki, "Telegram" və "WhatsApp" hesablarında iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirsinlər.
"Telegram"da bu funksiyanı aktiv etmək üçün istifadəçi əvvəlcə tətbiqin "Ayarlar" bölməsinə daxil olmalı, daha sonra "Məxfilik və Təhlükəsizlik" hissəsini seçməlidir. Buradan "İki mərhələli təsdiqləmə" bölməsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidir. Belə olduğu halda, hesablara giriş təkcə SMS-kod vasitəsilə yox, alternativ kanallarla göndərilmiş OTP kod üzərindən aparılır. Bu isə hesabların ələ keçirilməsi riskini azaldır.
"WhatsApp" tətbiqində isə "Ayarlar" bölməsindən "Hesab" hissəsinə daxil olaraq "İki mərhələli təsdiqləmə" seçilməlidir. Burada altı rəqəmli PIN kod təyin edilir və hesabın təhlükəsizliyi üçün elektron poçt ünvanının əlavə edilməsi tövsiyə olunur. Bu PIN kod vaxtaşırı istifadəçidən sorğulanaraq, hesabın qorunmasını təmin edir.
Bildirilir ki, bununla belə, Elektron Təhlükəsizlik Xidməti tərəfindən məsələnin həlli istiqamətində sözügedən tətbiqlər üzrə rəsmi nümayəndələrlə davamlı müzakirələr aparılır.
Mina Mikayılova
Milli.Az