Tikinti materialları bazarında son vəziyyət - Bahalaşma olacaq

14 Yanvar 2026 13:13

Bu ilin ilk ayı üçün rəsmi səviyyədə tam statistik məlumatlar hələ açıqlanmasa da, bazar analizləri tikinti materialları üzrə qiymətlərdə az da olsa bahalaşma ola biləcəyini göstərir.

Tikinti materiallarının satışı ilə məşğul olan sahibkarlar Milli.Az-a bildiriblər ki, bu il qiymət artımı gözlənilir, lakin bu artım kəskin xarakter daşımayacaq.

Qiymət artımının əsas səbəbləri idxal xərclərinin, işçi qüvvəsi və logistika xərclərinin artması, eləcə də infrastruktur layihələrinin aktivləşməsi ilə əlaqədardır. Xüsusilə sement, taxta, mineral yun izolyasiya və digər struktur materiallarının qiymətlərinin əvvəlki dövrlə müqayisədə yüksələcəyi gözlənilir.

Bazar dinamikası tələb və təklif balansı, idxal xərcləri, infrastruktur layihələrinin həcmi və işçi xərcləri ilə bağlıdır.

Ötən ilə nəzər salsaq görərik ki, 50 kq-lıq bir kisə sementin qiyməti 8 manata qədər olub. Bu il isə sement kisəsinin qiymətinin 1 manata qədər bahalaşacağı gözlənilir. Zavod istehsalı armaturların qiyməti 1 200-1 400 AZN/ton, sex istehsalı armaturların qiyməti isə 800-900 AZN/ton civarında olsa da, bu il qiymətlərin müəyyən qədər artacağı proqnozlaşdırılır. Taxtanın 1 m³-ü təqribən 380-420 AZN arasında olub. Bu il qiymətin 450 manata yüksələcəyi gözlənilir. Dam örtükləri və digər aksessuar materiallarda isə qiymət dəyişkənliyi müşahidə olunur. Bəzi məhsullarda bahalaşma olsa da, bəzilərində ucuzlaşma qeydə alınıb.

Qiymətlərə təsir edən əsas amillərdən biri işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri nəticəsində tikinti materiallarına olan tələbatın artmasıdır.

Taxta, bəzi metal və izolyasiya materialları əsasən xaricdən, xüsusilə Rusiya, Türkiyə və Çindən idxal edildiyi üçün qlobal logistika və istehsal xərcləri daxili bazardakı qiymətlərə birbaşa təsir göstərir. 2026-cı ilin əvvəlindən tətbiq edilən yeni gömrük rüsumlarının, o cümlədən kərpic üzrə rüsumların, qiymətlərin yuxarı səviyyədə qalmasına səbəb olacağı gözlənilir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı Milli.Az-a açıqlamasında bildirib ki, hazırda ilin əvvəlində olunduğuna görə ötən illə müqayisədə tikinti materiallarının qiymətlərində artım müşahidə olunmur.

"Qış fəsli olduğundan tikinti materiallarına tələb aşağıdır. Hələ ki nə idxal, nə də yerli tikinti materialları bazarında ciddi dəyişiklik yoxdur".

Fərid Zöhrabov
Milli.Az