Türkiyəli aktyor Oktay Kaynarcanın məhkəmə nəzarəti çərçivəsində ev dustaqlığına buraxılması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, hadisə Kaynarcanın əvvəl rol aldığı serialla oxşarlığı səbəbindən "maraqlı təsadüf" kimi qiymətləndirilir.
Belə ki, aktyor ötən il rəqəmsal platforma üçün çəkilən "Bələdiyyə sədri ev dustaqlığında" serialında ev dustaqlığı cəzası alan Əziz Sayqın adlı bələdiyyə sədrini canlandırmışdı. Hazırkı məhkəmə prosesi Kaynarcanın həmin obrazını yenidən gündəmə gətirib.
Məlumata görə, Oktay Kaynarca və müğənni Emel Müftüoğlu məhkəmə nəzarəti altında ev dustaqlığı tələbi ilə məhkəməyə göndəriliblər. Bu vəziyyət mediada və sosial şəbəkələrdə geniş rezonans doğurub.
Qeyd edək ki, sözügedən serialın yayımı, Türkiyədə bəzi bələdiyyə başçıları ilə bağlı aparılan hüquqi proseslər fonunda ictimai həssaslıq səbəbilə təxirə salınıb. Sosial media istifadəçiləri isə Kaynarcanın canlandırdığı obrazla real həyatda yaşananlar arasındakı oxşarlığı "mənalı təsadüf" kimi şərh edirlər.
Fidan
Milli.Az