Ramil Qasımov Kavaradossi partiyasını ilk dəfə ifa edərək 27 illik arzusunun gerçəkləşməsindən danışıb - FOTO

13 Yanvar 2026 14:44

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli italyan bəstəkarı Cakomo Puççininin "Toska" operasını Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasının səhnəsində tamaşaçılara təqdim edib.

Kavaradossi partiyasını ilk dəfə Əməkdar artist Ramil Qasımov ifa edib ki, bu da onun 27 illik arzusunun gerçəkləşməsi olub.

"Xatirimdədir, 1998-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində C. Puççininin "Toska" operasına baxmışdım. Toska rolunda dövrümüzün canlı əfsanəsi Xuraman Qasımova, Kavaradossi rolunda Gürcüstanın Xalq artisti Teymuraz Ququşvili, dirijor pultunda isə musiqi mədəniyyətimizin canlı əfsanəsi Rauf Abdullayev dayanırdı.

Həmin axşam səslənən musiqi məni dərindən heyran etmişdi. Xüsusilə Kavaradossinin ölüm səhnəsi, onun ariyaları və bütövlükdə əsərin musiqi üzərində qurulan dramatik xətti yaddaşıma silinməz iz salmışdı. Elə həmin gün içimdə bir hiss yaranmışdı - bir gün bu partiyanı özüm ifa etmək arzusu. O arzu gerçəyə çevrildi. Mən Kavaradossi partiyasını ifa etdim.

Tamaşanın ilk anlarından etibarən yanımda əziz dostum, çalışdığım Teatrın direktoru, dünya şöhrətli tenor Yusif Eyvazovun səmimi dəstəyini və diqqətini hiss etdim. Dirijor Əyyub Quliyevin yüksək peşəkarlığı, solistlərin vahid ansambl ruhu və ən əsası - səhnə ilə birgə nəfəs alan opera sevərlərin sevgisi bu gecəni mənim üçün daha da dəyərli etdi. Hər birinə dərin təşəkkürümü bildirirəm. Bu, sadəcə bir tamaşa deyil - illər boyu yaşadılan bir arzunun səhnədə canlanması idi.", - deyə opera ifaçısı vurğulayıb.. 

Tamaşada Toska rolunda Əməkdar artist İlahə Əfəndiyeva, Skarpia rolunda isə Əməkdar artist Anton Fershtandt çıxış edib.

Həmçinin tamaşada Əməkdar artist Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə, İqor Yadrov, Ruslan Persan və Fatimə Məmmədova iştirak ediblər.

Dirijor pultu arxasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru, Əməkdar artist Eyyub Quliyev olub.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az