Müğənni Şəhla Həmidova illərdir kirayədə yaşadığını "Günə Uğurla" verilişində açıqlayıb və səmimi etirafları diqqət çəkib.
Milli.Az-ın məlumatına görə, ifaçı bildirib ki, vaxtilə efirdə ona ev hədiyyə edildiyi barədə deyilənlər həqiqəti əks etdirmirmiş. Şəhla Həmidovanın sözlərinə görə, həmin vaxt ona sənədlər təqdim olunub və bütün Azərbaycan onu təbrik edib:
"Məni aldatdılar. Əlimə kağız verdilər, hamı məni təbrik etdi. Sonra çağırıb dedilər ki, sənədləri gətirin, 1 otaq azdır, sizə 2 ya 3 otaqlı ev veriləcək".
Müğənni qeyd edib ki, məsələ ilə bağlı Xalq artisti Afaq Bəşirqızına müraciət edib və ondan maraqlanması üçün kömək istəyib. Bununla da acı həqiqət ortaya çıxıb:
"Öyrənib mənə dedi ki, mənim adım heç bir siyahıda olmayıb".
Sənətçi kirayədə yaşadığına görə peşman olmadığını vurğulayıb:
"Allah qorusun çarəsiz qalmaqdan. Rahat çörəyimizi yemək nəsib olsun. Kirayədə qalmağa peşman deyiləm. Heç kimin qarşısında əyilməyək".
Sənətçi əlavə edib ki, sənəti hesabına dolanıb, ev və maşın sahibi olmasa da, ən önəmlisi adının ləkələnməməsidir:
"Şükür edirəm ki, adım gələndə qohumlarım mənə görə utanmayıblar, haqqımda artıq söz olmayıb".
Müğənninin bu açıqlamaları studiyada və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az