"Temu"dan ucuz alış-veriş dövrü sona çatır - YENİ QƏRAR

13 Yanvar 2026 13:14

"Temu", "AliExpress", "Amazon" kimi beynəlxalq elektron ticarət platformaları vasitəsilə xaricdən onlayn sifarişlər son illərdə sürətlə populyarlaşıb. Xüsusilə Çindən gətirilən məhsullar 60 faiz gömrük rüsumuna baxmayaraq qiymət üstünlüyü ilə seçilirdi.

Milli.Az xəbər verir ki, Türkiyədə imzalanmış yeni fərmana əsasən, 6 fevral tarixindən etibarən xaricdən onlayn alınan bütün məhsullar gömrük prosedurlarından keçiriləcək. Bu isə o deməkdir ki, istehlakçılar verdikləri hər bir sifariş üçün gömrük bəyannaməsi təqdim etməli və bununla bağlı əlavə xidmətlərdən istifadə etməli olacaqlar.

Mütəxəssislər bildirirlər ki, praktikada bu dəyişiklik xaricdən ucuz məhsul sifariş etməyin qiymət üstünlüyünü faktiki olaraq aradan qaldıracaq.

Qeyd edək ki, indiyədək 30 avrodan aşağı (çatdırılma daxil) sifarişlər üçün vahid və sabit vergi tətbiq olunur, 30 avrodan yuxarı sifarişlər isə gömrük prosedurlarına cəlb edilirdi. Mövcud qaydalara əsasən, 30 avro və daha aşağı məbləğdə mallar üçün Avropa ölkələrindən idxalda 30 faiz, digər ölkələrdən idxalda isə 60 faiz sabit vergi tutulurdu.

Xatırladaq ki, 2024-cü ilə qədər 150 avro olan rüsumsuz limit Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə 30 avroya endirilmişdi. İndi isə beynəlxalq alış-verişlərdə 30 avroya qədər malların rüsumsuz idxalına imkan verən tənzimləmə tamamilə ləğv edilib.

Bu qərar ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Vətəndaşlar əlavə gömrük xərclərinə hazırlaşarkən, elektron ticarət platformalarında qiymətlərin son bir həftə ərzində ikiqat artdığı bildirilir.

Fidan
Milli.Az