“450 manat ver, ürəyin istəyən kimi avtoxuliqanlıq et” - “Rent a car”ın reklamı - VİDEO

12 Yanvar 2026 18:21

Bakıdakı "Rent a car" obyektlərindən birinin çəkdiyi reklam narazılığa səbəb olub.

Milli.Az xəbər verir ki, "Rent a car" obyektlərindən birinin müştəri cəlb etmək üçün istifadə etdiyi qeyri-etik və təhlükəli çağırış sosial mediada kəskin tənqid olunub. Şirkətin hazırladığı reklam çarxında gənclərə açıq şəkildə qanunları pozmaq və yollarda təhlükə yaratmaq təklif olunur.

Sözügedən videoda yüksək sürətli və lüks avtomobil nümayiş etdirilərək bildirilir ki, müştəri 450 manat ödəməklə avtomobili icarəyə götürə və yollarda "istədiyi kimi avtoxuliqanlıq edə bilər". Reklamın ana xəttini "pulunu ödə, cərimədən və ya qanundan qorxma" mesajı təşkil edir.

Bu çağırış həm piyadalar, həm də intizamlı sürücülər tərəfindən hiddətlə qarşılanıb.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən, avtoxuliqanlıq həm cərimə, həm də sürücülük hüququndan məhrum edilmə və ya inzibati həbslə nəticələnən ağır qayda pozuntusudur. Hüquqşünaslar bildirirlər ki, cinayətə və ya qayda pozuntusuna təşviq edən reklamlar "Reklam haqqında" qanuna ziddir və həmin şirkəti ciddi cərimələr gözləyə bilər.

Lalə Qüdrətova
Milli.Az