Ölkə Prezidentinin müvafiq Sərəncamına əsasən təsdiq olunmuş "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ilində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı müəyyən edilib.
Milli.Az xəbər verir ki, təsdiq olunmuş yeni siyahıya əsasən, namizədlərə 15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini təmsil edən 231 nüfuzlu ali təhsil ocağında tədris olunan ümumilikdə 4121 proqram üzrə təhsil almaq imkanı yaradılıb.
Dövlət Proqramı üzrə illik kvota 500 nəfər təşkil edir. Bu kvota çərçivəsində rəqabət mühitinin tənzimlənməsi məqsədilə müraciət sayından asılı olaraq prioritet ixtisas istiqamətləri üzrə keçid balları tətbiq edilə bilər.
Xüsusi olaraq qeyd edək ki, Dövlət Proqramının 15 prioritet ixtisas sahəsi ilə yanaşı, "Mədəniyyət və incəsənət" sahəsi üzrə də bu il imkanlar genişləndirilib. Belə ki, ötən illə müqayisədə bu istiqamət üzrə siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı artırılıb.
Nəzərinizə çatdıraq ki, beynəlxalq reytinq sistemlərində ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün siyahının üzərindəki qeydlərə diqqət etməyinizi xahiş edirik.
Aysel
Milli.Az