Ərdoğan nəvələrinin sayını açıqladı

12 Yanvar 2026 10:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ailələrdə ən azı üç uşağın olmasının vacibliyini bir daha vurğulayıb.

Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, dövlət başçısı bu barədə İslam sənətinə həsr olunmuş sərginin açılış mərasimində çıxışı zamanı danışıb.

Prezident bildirib ki, ölkə əhalisinin sayının artırılması Türkiyə üçün strateji əhəmiyyət daşıyır.

Ərdoğan çıxışında ailələrə çağırış edərək qeyd edib:

"Dəfələrlə demişəm ki, hər ailədə azı üç uşaq olmalıdır. Əhalimizin artmasına ehtiyac var. Mənim doqquz nəvəm var və bu, mənim üçün böyük xoşbəxtlikdir".

Türkiyə Prezidenti həmçinin hökumətin cari ili "Ailə ili" elan etməsinə toxunaraq, ailə institutunun qorunması və gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.

O, bəzi insanların, hətta yaxın çevrələrdə olan şəxslərin belə əhali artımına qarşı çıxmasından narahatlığını da dilə gətirib:

"Təəssüf ki, bəzən əhalinin çoxalmasına qarşı mövqelərlə rastlaşırıq. Bu, məni məyus edir. Ümid edirəm ki, zamanla bu düşüncə dəyişəcək".

Qeyd edək ki, Türkiyə hakimiyyəti son illərdə doğum səviyyəsinin artırılması və ailə dəyərlərinin möhkəmləndirilməsi məqsədilə müxtəlif sosial proqramların icrasını planlaşdırır.

Hüseyn
Milli.Az