Türkiyə Superkubok finalında əzəli rəqibi "Fənərbaxça"ya 2-0 hesabı ilə məğlub olan "Qalatasaray"da matçdan sonra gərgin anlar yaşanıb. "Sarı-qırmızılı" komandanın medal mərasiminə çıxmaması diqqətdən qaçmayıb. Komandanın baş məşqçisi Okan Buruk həm oyunun nəticəsini dəyərləndirib, həm də bu qərarın səbəbini izah edib.
Milli.Az xəbər verir ki, Okan Buruk bildirib ki, komanda öz keyfiyyətindən aşağı çıxış edib:
"Fənərbaxçanı təbrik edirəm. Bu gün qalibiyyətə layiq olan tərəf biz deyildik. Sarı vərəqəsi olan Sançesi oyundan çıxardıq, Leminanı müdafiəyə çəkdik. Lakin çox erkən qol buraxdıq və oyunun sonuna qədər hesabı dəyişə bilmədik. Bura qədər gəlib bizi dəstəkləyən azarkeşlərimizdən üzr istəyirik. Bu stadionda hər şey çətindir - bura gəlmək də, matçı izləmək də."
Okan Buruk komandanın medal mərasiminə qatılmamasını azarkeşlərin davranışı ilə əlaqələndirib:
"Bu gün matçdan əvvəl bir dəqiqəlik sükut oldu. Gökmen Özdenakı rəhmətlə anırıq. Lakin vəfat etmiş bir insana edilən küçə söyüşləri və təhqirlər nəticəsində, matç bitdikdə qarşısına çıxılacaq bir azarkeş kütləsi olduğunu düşünmədiyimiz üçün mərasimə çıxmadıq."
Qeyd edək ki, matç zamanı və sonunda bəzi azarkeş qrupları tərəfindən futbol dünyasının mərhum simalarından olan Gökmen Özdenaka qarşı qeyri-etik şüarlar səsləndirilib. Okan Buruk bu vəziyyəti hörmətsizlik kimi qiymətləndirərək komandasını meydandan çəkib.
Lalə Qüdrətova
Milli.Az