Cəlilabad rayonu Göytəpə sərhəd dəstəsində hərbi andiçmə keçirildi - FOTO
6 Avqust 2012 16:07
Milli.Az Cənub TV kanalına istinadən xəbər verir ki, Cəlilabad rayonunda Dövlət Sərhəd xidmətinin Göytəpə sərhəd dəstəsində gənc əsgərlərin hərbi andı qəbul etmələri ilə əlaqədar təntənəli bayram mərasimi keçirildi. Gənc əsgərlər hərbi andı qəbul edərək Vətən sərhədlərini göz bəbəkləri kimi qoruyacaqlarına sədaqət andı içiblər.
Hərbi andiçmə tədbiri hərbi hissə komandiri, polkovnik-leytenant Zəki Cəlilovun, şəxsi heyət üzrə baş idarənin rəisi general-mayor Məhəmməd Abbasquliyevə məruzə etməsi ilə başladı. General-mayor şəxsi heyəti salamladıqdan sonra hərbi hissə komandiri Cəlilov gənc əsgərlərin "Hərbi And"a gətirilməsi komandasını verib. "Hərbi And"a gətirilən
əsgərlər Hərbi andı qəbul edərək Vətənə sədaqət andı içiblər. Dövlət Himni səsləndikdən sonra tədbir açıq elan edilib.
Hərbi anddan sonra Hərbi Hissə komandiri müddətli həqiqi hərbi xidmətə çağrılan gənc əsgərləri Hərbi Andı qəbul etmələri münasibətilə DSX komandanı Elçin Quliyevin və öz adından təbrik etdi. Bildirib ki, Hərbi Andı qəbul edən hər bir əsgər Vətəni Azərbaycana və onun xalqına sadiq olacağına söz verərək öz üzərinə mənəvi və hüquqi məsuliyyət götürür. Hərbi And hər bir hərbi qulluqçunu mübariz, mətin, cəsur və qorxmaz olmağa çağırır. Həmin andan etibarən hər bir əsgər Silahlı Qüvvələrin tam hüquqlu üzvü kimi əlində silah Respublikamızın mənafeyini, ərazi bütövlüyünü və müstəqilliyini qorumağa hazır olur. Hələ ay yarım öncə hərbi forma geyinən və hərbi xidmət haqqında çox az anlayışa malik əsgərlər artıq bu gündən hazırlıqlı Vətən müdafiəçiləri kimi fəxrlə, qürurla əldə silah sərhədlərimizin keşiyində xidmətə tam hazırdırlar.
Komandir əmin etdi ki, bu gün Vətənə sədaqət andı içən hər bir əsgər öz andına sadiq qalacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında qoyduğu vəzifələri şərəf və ləyaqətlə yerinə yetirəcək, xalqımızın azad firəvan yaşaması üçün əlindən gələni edəcək, hərbi andına həmişə sadiq qalacaq və müstəqil dövlət quruculuğu prosesinə öz layiqli töhvələrini verəcək, bunu üçün canını belə əsirgəməyəcəkdir. Komandir inamla qeyd etdi ki, bu gün burada öz Vətəninə və xalqına sədaqət andı içən hər bir əsgər Sərhəd Qoşunlarının bundan sonrakı inkişafına öz layiqli töhvəsini verəcək.
Tədbirin sonunda şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib. Hərbi Andiçmə başa çatdıqdan sonra valideyinlərin müraciətləri dinlənilib və müvafiq tədbirlər görülüb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.







