Dəm qazından ölüm sayı niyə artıb? - AÇIQLAMA

10 Yanvar 2026 19:48

Son vaxtlar "havalar soyudu, dəm qazı yenə can aldı" məzmunlu xəbərlər demək olar ki, hər gün gündəmə gəlir. Sumqayıtda 23 yaşlı bir gəncin, Lənkəranda isə iki bacının dəm qazından zəhərlənməsi bunun acı nümunələridir. 2026-cı il yenicə başlasa da, bu tip faciələrin sayı artıq narahatlıq doğuracaq həddə çatıb.

Bəs dəm qazı niyə bu qədər təhlükəlidir?

Milli.Az xəbər verir ki, kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov bu mövzuda ciddi xəbərdarlıq edib. Onun sözlərinə görə, İran peçlərinin və digər qazla işləyən qızdırıcıların tüstü borusunu pəncərədən birbaşa çölə çıxarmaq son dərəcə təhlükəlidir. Tüstü bacası mütləq dam səviyyəsindən ən azı 50 santimetr yuxarıda yerləşdirilməlidir. Eyni zamanda, bacaların üzərinə qoruyucu örtük "papaq" quraşdırılmalıdır ki, yağış, qar, quşlar və ya kənar əşyalar borunu tutmasın.

Ekspert həmçinin hamam otaqlarında havalandırmanın düzgün qurulmasının vacibliyini qeyd edib. Qapının aşağı hissəsində geniş hava dəlikləri olmadıqda və qapı tam bağlandıqda, otaqdakı oksigen sürətlə tükənir. Bu isə yanmanın düzgün getməməsinə və nəticədə dəm qazının yaranmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, zəhərlənmə hallarının artmasının əsas səbəblərindən biri də tüstü bacalarının vaxtında təmizlənməməsi, eləcə də istilik sistemlərinə mütəmadi texniki baxış keçirilməməsidir. Bu cür səhlənkarlıq ağır nəticələrə, hətta insan həyatının itirilməsinə qədər gedib çıxır. 

Asya
Milli.Az