Hər gün plastik butulkadan su içənlər ildə 90 min əlavə mikroplastik hissəciyi udurlar

10 Yanvar 2026 00:31

Kanadanın Konkordiya Universitetinin doktorantı Sara Sacedi tərəfindən aparılan yeni tədqiqat plastik butulkalardan su istifadəsinin insan orqanizmi üçün gözlənilməz fəsadlarını üzə çıxarıb. 140-dan çox elmi məqalənin təhlilinə əsaslanan araşdırma göstərir ki, gündəlik su tələbatını plastik butulkalardan qarşılayan insanlar, kran suyu və ya digər mənbələrdən istifadə edənlərlə müqayisədə hər il bədənlərinə orta hesabla 90 min əlavə mikroplastik hissəcik qəbul edirlər.

Milli.Az xəbər verir ki, normal şəraitdə insanlar qidalar və içməli su vasitəsilə ildə təxminən 39 min ilə 52 min arasında mikroplastik hissəcik qəbul edirlər. Lakin hər gün plastik butulkadan su içmək bu miqdarı demək olar ki, iki dəfə artırır. Mütəxəssis Sara Sacedi bildirir ki, plastik butulkalardan su içmək yalnız fövqəladə hallarda qəbul edilə bilər. Bunu gündəlik vərdişə çevirmək isə uzunmüddətli dövrdə ciddi sağlamlıq riskləri daşıyır. Xüsusilə aşağı keyfiyyətli plastiklərin günəş işığına, istiyə və ya fiziki təsirə məruz qalması bu hissəciklərin suya daha çox qarışmasına səbəb olur.

Mikroplastiklər ölçüsü 1 mikrometr ilə 5 millimetr arasında dəyişən hissəciklərdir, nanoplastiklər isə onlardan daha kiçik olduğu üçün adi gözlə görünmür. Bu zərrəciklər birbaşa qan dövranına keçərək həyati əhəmiyyətli orqanlara qədər çatır. Aparılan tədqiqatlar göstərir ki, mikroplastiklərin bədəndə toplanması xroniki iltihablanma, hormonal pozuntular, reproduktiv (çoxalma) funksiyaların zərər görməsi və sinir sistemi xəsarətləri kimi ağır nəticələrə yol aça bilər. Həmçinin, bu hissəciklərin bəzi xərçəng növləri ilə əlaqəli olduğu ehtimal edilir, lakin uzunmüddətli təsirlər hələ də tam öyrənilməyib.

Dünyanın bir çox ölkəsində plastik paketlər və pipetlərlə bağlı məhdudiyyətlər tətbiq olunsa da, plastik butulkaların istehsalı və tərkibi ilə bağlı qlobal miqyasda hələ də ciddi hüquqi çərçivə mövcud deyil. Sara Sacedi vurğulayır ki, plastik çirklənməsi yalnız ekoloji məsələ deyil, həm də mühüm bir ictimai sağlamlıq problemidir. Tədqiqatçı təhlükəsiz içməli suya çıxışın təməl insan haqqı olduğunu xatırladaraq, plastik butulkalardan asılı olmayan dayanıqlı su mənbələrinin yaradılmasının vacibliyini qeyd edir.

Lalə Qüdrətova
Milli.Az