Redaksiyamıza Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyi ilə bağlı valideynlərdən şikayət daxil olub.
Milli.Az-a müraciət edən valideynlərin iddialarına görə, ilin ortası olmasına baxmayaraq liseyin 1-ci sinif şagirdlərinə hələ də daimi sinif müəllimi təyin edilməyib.
Onların sözlərinə görə, bu səbəbdən uşaqlar tez-tez müxtəlif siniflərə bölünür və dərs prosesi qeyri-sabit şəkildə təşkil olunur. Tez-tez baş verən dəyişikliklər uşaqların məktəbə uyğunlaşmasına da ciddi problem yaradır. Uşaqlar bilmir ki, sinif müəllimləri kimdir.
Məsələ ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsindən isə Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mingəçevir şəhər Təbiət-riyaziyyat və humanitar fənnlər təmayüllü liseyin ibtidai sinif müəllimi İsmayılova Lamiyə əmək qabiliyyətini müvəqqəti itirdiyinə görə 2025-2026-cı tədris ilinin əvvəlində tədris prosesini fasiləsiz olaraq həyata keçirə bilməyib.
"Bu səbəbdən onu müddətli müqavilə əsasında 2025-ci ildə MİQ imtahanında iştirak edərək yüksək bal toplamış digər müəllim əvəz edib. Lamiyə İsmayılova sonradan vəfat etdiyi, eləcə də onu əvəz edən digər müəllim müqaviləsini uzatmaqdan imtina etdiyi üçün tədrisin fasiləsizliyini təmin etmək üçün zəruri tədbirlər görülüb. Həmin sinifdə dərslərin tədrisi üçün optimallaşdırma tədbirləri və qiymətləndirmə nəticələri nəzərə alınaraq iki müəllim təyin edilib".
Təhsil İdarəsindən qeyd edildi ki, hazırda adıçəkilən təhsil müəssisəsində təlim-tədris prosesu fasiləsiz şəkildə davam edir.