"Öz aramızda" verilişinin qonağı olan Əməkdar artist Almaz Ələskarova sənətçilərin tamaşaçılara örnək olması mövzusunda fikirlərini bölüşüb.
Milli.Az xəbər verir ki, o, xüsusilə bəzi müğənnilərin efir və səhnədə açıq-saçıq geyimlərinə münasibət bildirib.
Müğənni qeyd edib ki, sənət adamları etikadan kənara çıxaraq tamaşaçıları qıcıqlandırmamalıdır:
"Müğənnilərimiz etikadan kənar çıxıb insanları qıcıqlandırmasınlar. Tamaşaçı kimi baxdıqda yaxşı görünmür. Biz insanları sevindirməyə çalışırıq, bizə qulaq asmalarını istəyirik. Ona görə də bizdən ibrət götürməlidirlər - danışığımızla, geyimimizlə və davranışımızla".
A.Ələskarova vurğulayıb ki, efirdə göstərilən hər şey cəmiyyətə təsir edir və xüsusilə uşaqlar bunu normal qəbul edə bilər:
"Elə müğənnilər var ki, 55-60 yaşı var, amma qarın-ayaqlar açıq efirə, səhnəyə çıxırlar. Uşaqlar baxır və bu halı normallaşdırırlar. Məncə hər şey yerində, öz yaşına uyğun olmalıdır".
Sənətçi bu cür davranışlardan uzaq olduğunu da bildirib:
"Mən belə şeylərə uzağam. Həmin ifaçılar özləri bilər, amma mən razı deyiləm. Evdən çıxanda güzgüyə baxsınlar, geyimlərinə diqqət etsinlər".
Almaz Ələskarovanın bu açıqlamaları sosial şəbəkələrdə də müzakirələrə səbəb olub.
Musa
Milli.Az