"Rahidə Baxışovanın "ölüm xəbəri"ni yazdırdıq ki..."

8 Yanvar 2026 10:15

Prodüser Pərviz Əfqan "Öz aramızda" verilişində müğənni Rahidə Baxışova ilə bağlı şok iddialar səsləndirib.

Milli.Az xəbər verir ki, onun sözlərinə görə, 2008-2009-cu illərdə Rahidə Baxışova ikinci dəfə səhnəyə qayıdanda ciddi çətinliklərlə üzləşib. Pərviz bildirib ki, müğənnini efirlərə dəvət etdirmək istəsələr də, televiziya proqramları maraq göstərmirmiş:

"Mən Rahidə xanımla işlədiyim dövrdə - 2008-2009-cu illərdə o, ikinci dəfə səhnəyə qayıtmışdı. Onu efirlərə çıxarmaq istəyirdik, amma çağırmırdılar. Deyirdilər ki, bizə maraqlı deyil. Onlara qalmaqallı, gündəmdə olan adlar lazım idi".

Prodüser iddia edib ki, vəziyyəti dəyişmək üçün saxta ölüm xəbəri yaydırmaq qərarına gəliblər:

"O vaxt Cavanşir Babəloğlu adlı jurnalist vardı. Ona dedim ki, məqalə yazılmalıdır - guya Rahidə Baxışova Bakı-Ələt yolunda baş verən qəza nəticəsində ölüb".

Pərvizin sözlərinə görə, bu xəbərdən sonra vəziyyət tamamilə dəyişib:

"Bundan sonra bizi çağırmayan efirlərin hamısı çağırdı. Hətta A kateqoriyalı müğənnilərin mahnılarının səsləndirildiyi radiolarda Rahidə xanımın da mahnıları verilməyə başladı".

Prodüser etiraf edib ki, həmin addım o dövrün şou-biznes reallıqları ilə bağlı idi və məqsəd müğənnini yenidən gündəmə gətirmək olub.

Musa
Milli.Az