40 nəfər Benqal fişənglərinə görə ölüb?

2 Yanvar 2026 23:55

"Hər şey yanğının şampan şüşələrinə bərkidilmiş yanan şamlar və ya "Benqal fişəngləri"ndən başladığını göstərir".

Milli.Az xəbər verir ki, bunu Valais kantonunun baş prokuroru Beatris Pilloud keçirdiyi mətbuat konfransında deyib.

İsveçrənin Kran-Montana kurortundakı barda baş vermiş dəhşətli yanğınla bağlı araşdırmalar davam edir.

O bildirib ki, ilkin araşdırmalar Yeni il gecəsi baş verən faciəyə şampan şüşələri üzərindəki fişənglərin tavanı tutuşdurmasının səbəb olduğunu üzə çıxarıb.

İstintaq qrupunun gəldiyi ilkin qənaətə görə, bayram şənliyi zamanı barda ofisiantların şampan şüşələri üzərində yandırdığı Benqal fişəngləri tavan materialına çox yaxın tutulub. Bu isə bir neçə saniyə ərzində bütün məkanı bürüyən sürətli və genişmiqyaslı yanğına səbəb olub. Hadisə nəticəsində 40 nəfərin həlak olduğu, 119 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı təsdiqlənib. Prokuror Pilloud qeyd edib ki, alovun bu dərəcədə sürətlə yayılmasında barda istifadə olunan səs izolyasiya materiallarının keyfiyyəti və təhlükəsizlik standartlarına uyğunluğu da ciddi şübhə altındadır.

Hazırda müstəntiqlər məkanın təhlükəsizlik sistemlərini, təxliyə yollarının vəziyyətini və hadisə anında barda olan insanların sayının normadan artıq olub-olmadığını araşdırırlar. Şahid ifadələri və sosial mediada paylaşılan videolar da yanğının məhz tavanın alovlanması ilə başladığını təsdiqləyir. Əgər barda təhlükəsizlik qaydalarının pozulduğu və cinayət məsuliyyəti müəyyən edilərsə, məsul şəxslərə qarşı ehtiyatsızlıqdan yanğına səbəb olma və adam öldürmə maddələri ilə cinayət işi açılacaq.

Qeyd edək ki, İsveçrə hökuməti bu faciə ilə əlaqədar ölkədə 5 günlük matəm elan edib və dövlət bayraqları endirilib.

İsmayıl
Milli.Az