Yeni il süfrələrindən sonra yaranan qəbizlik probleminin əsas səbəbləri susuzlaşma və lifli qidaların çatışmazlığıdır.
Milli.Az xəbər verir ki, bu barədə rusiyalı qastroenteroloq Yevgeni Belousov məlumat verib. O bildirib ki, bayram günlərində qida rasionunun pozulması və alkoqol qəbulu bağırsaq sisteminin işinə birbaşa mənfi təsir göstərir.
Həkimin sözlərinə görə, gündəlik lif normasına əməl edilməməsi bu problemin baş verməsində əsas amildir. Qadınlar gün ərzində ən azı 25 qram, kişilər isə 38 qram lif qəbul etməlidir. Müasir dövrdə meyvə-tərəvəz və tam taxıllı məhsulların azlığı bağırsaq funksiyasını ləngidir. Digər bir səbəb isə maye qəbulunun az olmasıdır ki, bu da həzm prosesini çətinləşdirir.
Ekspert xüsusilə vurğulayıb ki, Yeni il gecəsi qəbul edilən alkoqol bədəni susuzlaşdırır. Alkoqol diuretik təsir göstərdiyi üçün orqanizm özünü zəhərli maddələrdən təmizləmək məqsədilə suyu bağırsaqlardan çəkir. Nəticədə bağırsaq kütləsi quruyur və hərəkəti çətinləşir. Eyni zamanda, alkoqol bağırsaq mikroflorasını pozaraq həzm sisteminin fəaliyyətini aşağı salır.
Yevgeni Belousov həmçinin qeyd edib ki, qəbizlik diaqnoz deyil, müəyyən problemin əlamətidir. Bayram günlərində yuxu rejiminin pozulması və yaranan stress də bağırsaqların işini zəiflədən amillər sırasındadır. Bu vəziyyət simpatik sinir sistemini aktivləşdirərək həzm prosesinə cavabdeh olan funksiyaları boğur.
Qeyd edək ki, əgər qəbizlik problemi uzun müddət davam edərsə, mütləq həkimə müraciət olunmalıdır. Kəskin ağrılar, qusma və ya nəcisdə qan müşahidə edilərsə, təcili tibbi yardım çağırmaq lazımdır.
İsmayıl
Milli.Az