Yeni ili daha yaxşı keçirmək yarışı - Hotellərdə, restoranlarda niyə yer tapılmır?

2 Yanvar 2026 23:00

Qlobal iqtisadiyyatda müşahidə olunan qeyri-sabitlik və 2026-cı ilə dair mənfi proqnozlar fonunda insanların istehlak vərdişləri maraqlı ziddiyyətlər ortaya qoyur.

Milli.Az xəbər verir ki, iqtisadi çətinliklərin artmasına baxmayaraq, restoranlarda, hotellərdə, ticarət mərkəzlərində və texnologiya mağazalarında müşahidə olunan izdiham əslində rifah göstəricisi deyil, psixoloji müdafiə mexanizmidir. Müasir dövrdə insanların əksəriyyətinin ən son model smartfonlara və xarici səyahətlərə meyl etməsi iqtisadiyyatda "lipstick" (dodaq boyası) effekti və "status anksiyetesi" kimi terminlərlə izah olunur.

İqtisadiyyatda "lipstick" effekti insanların böhran zamanı nümayiş etdirdiyi spesifik davranış modelidir. Bu nəzəriyyəyə görə, maliyyə vəziyyəti pisləşən fərdlər mənzil və ya avtomobil kimi irihəcmli alışlardan imtina edərək, təsəllini kiçik, lakin lüks hissi verən məhsullarda tapırlar. Bu fenomenin adı iqtisadi tənəzzül dövrlərində dodaq boyası satışlarının artmasından götürülüb. İnsanlar özlərini emosional cəhətdən xoşbəxt hiss etmək və gərginlikdən uzaqlaşmaq üçün əlçatan olan kiçik bahalı əşyalara, məsələn kosmetikaya, kofeyə və ya markalı aksesuarlara pul xərcləyirlər.

Bu prosesin digər tərəfi isə "status anksiyetesi" və ya sosial status qorxusudur. Bu fenomen bəzi insanların daxili boşluqlarını və ya maddi çatışmazlıqlarını xarici görünüşlə maskalamasıdır. Sosial müqayisə tələsinə düşən şəxs cəmiyyətin gözündə zəif və ya kasıb görünməmək üçün büdcəsinə uyğun olmayan bahalı geyimlərə və cihazlara üz tutur. Bu halda maddi imkanlar və real ehtiyaclar kənara itələnir, əsas məqsəd isə yalnız "uğurlu insan" imici yaratmaq olur.

Lakin ekspertlər qeyd edirlər ki, saxta imic naminə edilən bu xərclər uzunmüddətli perspektivdə daxili narahatlığı və stressi daha da artırır. İqtisadi böhran dövrlərini sağlam keçirmək üçün fərdlər diqqəti başqalarının rəyindən öz real ehtiyaclarına yönəltməli və özünədəyər hissini yalnız maddi meyarlarla ölçməməlidirlər. Real seçimlər və maliyyə intizamı həm iqtisadi təhlükəsizliyi, həm də mənəvi rahatlığı təmin edən əsas amildir.

Milli.Az