Çində insanlar azalır - Əhali artsın deyə hökumətdən qəribə addım

2 Yanvar 2026 20:27

Çin hökuməti ölkədə kəskin azalan doğum səviyyəsini tənzimləmək məqsədilə qoruyucu vasitələrə tətbiq edilən vergi güzəştlərini ləğv edib.

Milli.Az xəbər verir ki, 1 yanvar 2026-cı il tarixindən etibarən Çində son 30 ildə ilk dəfə olaraq kontraseptiv vasitələrin satışına əlavə dəyər vergisi (ƏDV) yenidən bərpa olunub. Bu qərar rəsmi Pekinin demoqrafik böhranla mübarizə strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.

Çin hakimiyyəti əhalinin sayının azalmasının qarşısını almaq üçün kompleks tədbirlər həyata keçirir. Keçən ildən etibarən dövlət hər uşaq üçün illik 500 dollar məbləğində müavinət təyin edib və uşaq baxımı üçün ayrılan subsidiyaları gəlir vergisindən azad edib. Yeni vergi tənzimləməsi isə ailə planlaması vasitələrinin əlçatanlığını azaldaraq dolayısı ilə doğumu təşviq etmək məqsədi daşıyır.

Eyni zamanda, bəzi demoqraflar xəbərdarlıq edirlər ki, qoruyucu vasitələrin bahalaşması ölkədə İİV (VİCH) kimi yoluxucu xəstəliklərin artmasına səbəb ola bilər. Bu isə uzunmüddətli perspektivdə əhalinin sağlamlığına mənfi təsir göstərərək doğumun daha da azalması ilə nəticələnə bilər.

Xatırladaq ki, bu yeni yanaşma 1979-cu ildən 2015-ci ilə qədər tətbiq edilən "bir ailə - bir uşaq" siyasətinin tam əksidir və Çinin demoqrafik tarixində yeni bir mərhələ hesab olunur.

İsmayıl
Milli.Az