Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə tam dəstək göstərib - Hikmət Hacıyev

2 Yanvar 2026 17:34

Donald Tramp administrasiyası Azərbaycanın sülh gündəliyinə böyük sədaqət nümayiş etdirib.

Milli.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "The Washington Times" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Tramp administrasiyasının dərhal qarşılıqlı yanaşması və tam şəkildə prosesə cəlb olunması xüsusilə təqdirəlayiqdir.

Hikmət Hacıyev vurğulayıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı mövcud məhdudiyyətlərin davam etdirilməsi sülh prosesinə ziddir. O qeyd edib ki, həm Azərbaycan, həm də Ermənistan hökumətləri sülhün möhkəmləndirilməsi istiqamətində çətin bir yol qət edir. Bununla yanaşı, ABŞ Konqresində bəzi dairələrin tamamilə zəruri olmayan və parçalanmaya səbəb olan qanunvericilik təşəbbüsləri irəli sürdüyünü bildirib.

"Bayden və Blinken administrasiyası dövründə, təəssüf ki, çoxlu anlaşılmazlıqlar yaşandı və bu anlaşılmazlıqlar münasibətlərimizə xeyli zərər vurdu", - deyə Azərbaycan Prezidentinin köməkçisi bildirib.

O əlavə edib ki, Azərbaycan Ermənistanla iqtisadi əlaqələr qurmaq istiqamətində addımlar atır. Bu çərçivədə Ermənistana neft məhsullarının ixracı və taxıl tədarükünün təmin edilməsi həyata keçirilir. Onun sözlərinə görə, bu addımlar simvolik görünə bilər, lakin mühüm geosiyasi məna daşıyır. "Biz yalnız Ermənistan hökuməti ilə deyil, Ermənistan xalqı ilə də sülh qururuq", - deyə H.Hacıyev bildirib.

Hikmət Hacıyev, həmçinin Azərbaycanın dini plüralizm modelinin ölkəni qeyri-sabit regionda Qərb üçün təbii tərəfdaş etdiyini vurğulayıb. O qeyd edib ki, əsrlərdir Azərbaycanda yəhudi, xristian və müsəlman icmaları yanaşı yaşayır.

"Bu, bizim ənənəmiz və kimliyimizdir. Sülh gündəliyimizə daha güclü qərarlılığımız var və bu istiqamətdə Tramp administrasiyasının tam dəstəyini görürük", - deyə Hikmət Hacıyev əlavə edib.

Milli.Az