"Aİ-92" və "Aİ-95" markalı benzinləri qarışdırmaq avtomobil sürücüləri arasında ən çox müzakirə olunan mövzulardan biridir.
Milli.Az xəbər verir ki, fərqli oktanlı yanacaqların bir-birinə qatılması texniki cəhətdən mümkün olsa da, lakin bunun daimi vərdişə çevirmək olmaz. Hər bir avtomobilin mühərriki zavod tərəfindən konkret bir benzin növü üçün hazırlanır.
Bu iki yanacağı qarışdırdıqda mühərrik dayanmır və maşın hərəkət edir, lakin yanacağın keyfiyyəti dəyişir. Əgər avtomobilinizin kitabçasında "yalnız 95 tökün" yazılıbsa, onu "92" ilə qarışdırmaq mühərrikin gücünü azaldır və daxildə kiçik partlayışlara (detonasiyaya) səbəb olur. Bu isə zamanla mühərrikin detallarını sıradan çıxarır. Amma köhnə model maşınlara yüksək keyfiyyətli benzin qatmağın heç bir qorxusu yoxdur, sadəcə bu, sürücü üçün əlavə xərc deməkdir.
Vurğulanır ki, yolda qaldığınız fərqli vəziyyətlərdə və ya çarəsiz qaldıqda bu iki benzini qarışdırmaq olar, bununla maşın xarab olmaz. Lakin mühərrikin uzunömürlü olması üçün zavodun tələb etdiyi yanacaqdan istifadə etmək ən təhlükəsiz yoldur. Çünki müntəzəm olaraq fərqli benzinləri qarışdırmaq yanacaq sisteminin təmizliyini pozur və gələcəkdə baha başa gələn təmirlərə yol açır.
Qeyd edək ki, sürücülərə hər zaman eyni yanacaq növündən və etibarlı yanacaqdoldurma məntəqələrindən istifadə etmək tövsiyə olunur.
İsmayıl
Milli.Az