Qar adamı düzəltməyə sərf olunan kalori açıqlandı

2 Yanvar 2026 23:30

Qar adamı düzəltmək bir saat ərzində 300 kaloriyə qədər enerji yandırmağa kömək edir.

Milli.Az xəbər verir ki, LEVITA beynəlxalq balet və dartınma studiyaları şəbəkəsinin baş məşqçisi Akulina Baxturina qış aylarındakı bu aktivliyin idman zalındakı məşqləri əvəz edə biləcəyini deyib. O bildirib ki, qar adamı hazırlayarkən bədənin iri əzələ qrupları, xüsusən də ayaqlar, bel və qollar aktiv şəkildə işləyir.

Məşqçinin sözlərinə görə, çəkisi 55-60 kiloqram olan şəxs bir saat ərzində orta hesabla 180-250 kalori xərcləyir. Əgər qar sıxdırsa və böyük qar topları yuvarlanarsa, bu rəqəm 300 kaloriyə qədər yüksəlir. Müqayisə üçün qeyd olunur ki, adi gəzinti 150-180, ev təmizliyi isə 200-250 kalori yandırır. Soyuq hava da bu prosesə təsir edir, orqanizm istiliyi qorumaq üçün əlavə olaraq 15 faiz daha çox enerji sərf edir.

Ekspert bu prosesi "funksional məşq" adlandıraraq qeyd edir ki, ağır qar kütlələrini qaldırarkən bel nahiyəsini qorumaq üçün gücü kürəkdən deyil, ayaqlardan almaq lazımdır. Həmçinin, soyuq havada hərəkətə başlamazdan əvvəl oynaqlarnı isidilməsi və iş bitdikdən sonra dərhal quru paltar geyinilməsi tövsiyə olunur.

Qeyd edək ki, qar adamı düzəltmək həm fiziki sağlamlıq, həm də psixoloji rahatlıq üçün faydalı hesab olunur.

İsmayıl
Milli.Az