Sobada ədviyyatlı, xırçıltılı gül kələm resepti

31 Dekabr 2025 08:41

Kələmin özünəməxsus qoxusuna görə ondan uzaq duranlar belə bu souslu tarifə heyran qalacaq.

Milli.Az lazım olan inqrediyentləri təqdim edir:

Əsas məhsul: 1 orta boy gül kələm

Sous üçün: 3-4 yemək qaşığı zeytun yağı, 2 yemək qaşığı qarğıdalı unu (çıtırlığın əsas sirri!), 1 yemək qaşığı qatıq, 2 diş əzilmiş sarımsaq.

Ədviyyatlar: 1 çay qaşığı şirin qırmızı toz bibər, yarım çay qaşığı sarıkök (zerdeçal), 1 çay qaşığı kəklikotu (kekik), 1 çay qaşığı duz, yarım çay qaşığı istiot.

Yanına sous üçün: 1 kasa süzmə qatıq, bir az şüyüd və nanə.

Hazırlanması
Kələmi kiçik hissələrə (çiçəklərinə) ayırın. Nə qədər kiçik olsalar, bir o qədər yaxşı qızarıb çıtır olacaqlar. Yuduqdan sonra mütləq yaxşıca qulayın. Əgər nəm qalsa, sobada qızarmaq əvəzinə bişib yumşalar.

Geniş bir qabda zeytun yağı, qatıq, qarğıdalı unu, sarımsaq və bütün ədviyyatları tam qarışana qədər çırpın. Sous tünd "boza" qatılığında olmalıdır.

Kələm çiçəklərini sousun içinə əlavə edin. Əlinizlə və ya spatula yardımı ilə sousun hər bir kələm parçasının hər tərəfinə, hər qatına dəydiyindən əmin olun.

Soba sinisinə yağlı kağız sərin. Souslanmış kələmləri bir-birinə dəyməyəcək şəkildə düzün. Əvvəlcədən isidilmiş 200°C sobada (mümkünsə ventilyasiya/fan rejimində) təxminən 25-30 dəqiqə, üzərləri qızarana qədər bişirin.

Sobadan çıxdıqdan sonra 2-3 dəqiqə gözləyin. Hazırladığınız şüyüdlü qatıq sousu ilə isti-isti servis edin.

Evdə qarğıdalı unu yoxdursa, suxarı unu da istifadə edə bilərsiniz, lakin qarğıdalı unu daha fərqli və xüsusi bir çıtırlıq verir.

Bişmə zamanı sobanın bir küncünə kiçik qabda sirkəli su qoysanız, kələm qoxusunun evə yayılmasının qarşısını alarsınız.

Sarıkök həm sağlamlıq üçün faydalıdır, həm də kələmlərə restoran üsulu gözəl bir qızılı rəng verir.

Lalə Qüdrətova
Milli.Az