Aktyor Elməddin Cəfərovun qonaq olduğu televiziya verilişində gözlənilməz və gərgin anlar yaşanıb.
Milli.Az xəbər verir ki, veriliş zamanı tamaşaçı qismində studiyada olan gənc oğlan aktyora sərt ittihamla müraciət edib.
O, bildirib ki, sənətçinin illər əvvəlki davranışı onun qurmaq istədiyi ailənin dağılmasına səbəb olub:
"Sizdən haqqımı almağa gəlmişəm. 2020-ci il yanvarın 15-də sevgilimlə restoranda oturmuşduq. Siz gəlib bizi oturduğumuz yerdən qaldırtdınız, halbuki boş masalar var idi. Ofisiant da gəlib bizi ayağa qaldırdı. Qürürum sındı. Mən həmin gün xanıma evlilik təklifi edəcəkdim. Bu hadisədən sonra hər şey dəyişdi, münasibətimiz pozuldu, quracağım ailə dağıldı. Sizdən daha məşhur biri belə etsə, xoşunuza gələr?", - deyə aktyora sual ünvanlayıb.
Bu sözlər qarşısında çətin vəziyyətdə qalan Elməddin Cəfərov isə hadisəni xatırlamadığını deyib. Aktyor qeyd edib ki, belə bir durum yadında deyil və kiminsə ailə qurmasına bilərəkdən mane olması mümkün deyil.
Studiyada yaşanan dialoq gərginliyə səbəb olub. Sosial şəbəkələrdə də müzakirələrə yol açan bu hadisə birmənalı qarşılanmayıb. Bəziləri gəncin emosional çıxışını anlayışla qarşıladığı halda, digərləri illər əvvəl baş verdiyi iddia olunan hadisəyə görə orada deyil, efirdə danışmağı doğru saymayıb.
Musa
Milli.Az