Şeyma Subaşı hava limanında saxlanıldı

30 Dekabr 2025 20:40

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilən Şeyma Subaşı ABŞ-dən Türkiyəyə qayıdarkən İstanbul Hava Limanında jandarma qrupları tərəfindən saxlanılıb.

Milli.Az xəbər verir ki, Subaşı hava limanında pasport nəzarətindən keçərkən haqqındakı axtarış qərarı səbəbindən nəzarətə götürülüb. Məlumata görə, o, ifadəsi alınmaq üçün İstanbul İl Jandarma Komandirliyinə aparılacaq.

Sosial şəbəkələrdə yayılan ilk görüntülərdə Subaşının çamadanı ilə birlikdə skamyada oturduğu və yanında jandarma əməkdaşının gözlədiyi əks olunub.

Qeyd edək ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan genişmiqyaslı uyuşdurucu istintaqı çərçivəsində aralarında məşhur simaların da olduğu 11 nəfər haqqında həbs qərarı çıxarılmışdı. Bu siyahıda Şeyma Subaşı ilə yanaşı aşağıdakı adlar da var:

Şevval Şahin

Mert Vidinli

Melisa Döngel

Yusuf Güney

Cihan Şensözlü

Əməliyyat başladığı vaxt Şevval Şahin, Şeyma Subaşı və Mert Vidinlinin xaricdə olduğu müəyyən edilmişdi. Digər məşhurlar isə ünvanlarında tapılmamışdı.

Subaşı bir müddət əvvəl sosial media hesabından bu mesajı paylaşmışdı: "Hazırda xaricdəyəm, qısa zamanda ölkəmə dönəcəyəm. Qayıtdığım zaman daha ətraflı açıqlama verə biləcəyəm."

Lalə Qüdrətova
Milli.Az