Şərq Bazarında Psixoloji Mərkəz Soulmind tərəfindən təşkil olunan inklüziv Yeni il bayramı "Arzuların Rəngi" baş tutub. Əsas qonaqlar Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzində müxtəlif peşələr öyrənən 30 istedadlı gənc olub, xəbər verir Trend Life.
Psixoloji Mərkəz Soulmindin rəhbəri Nərmin Nağıyeva və mütəxəssislər qeyd ediblər ki, əsas məqsəd yalnız fiziki deyil, həm də əlilliyi olan şəxslərin mənəvi reabilitasiyasına dəstək olmaqdır. "Arzuların Rəngi" aksiyası gənclərə göstərib ki, onların xəyalları sərhəd tanımır və hər bir fərd cəmiyyətin dəyərli üzvüdür. Buna görə də bu görüş yalnız bayram tədbiri olmayıb, həm də gənclərin cəmiyyətdəki mövqeyini möhkəmləndirən mühüm addım olub və inklüzivliyin və həmrəyliyin gözəl nümunəsinə çevrilib.
Tədbirin maraqlı məqamlarından biri art-terapiya olub. Bu fəaliyyət gənclərin özünəinamını artırmaq, öz emosiyalarını və ümidlərini incəsənət vasitəsilə ifadə etməyə şərait yaratmaq məqsədi daşıyıb. Tələbələr rənglərin köməyi ilə daxili dünyalarını ağ kağıza köçürərək incəsənətin terapevtik və birləşdirici gücünü nümayiş etdiriblər. Hər bir iş iştirakçıların yaradıcılıq potensialını və arzularını əks etdirib.
Bayram müddətində iştirakçılar musiqi, səmimi söhbətlər və yaradıcılıq emalatxanaları ilə sevindirilib. Tədbirin sonunda hər bir iştirakçıya xüsusi Yeni il hədiyyələri təqdim olunub.
Bu təşəbbüs bir daha göstərdi ki, diqqət və qayğı ən güclü motivasiyadır. Qeyd olunub ki, bu cür sosial məsuliyyət layihələri gələcəkdə də davam etdiriləcək və mümkün qədər çox insanın həyatına "rəng qatmaq" məqsəd qoyulub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az