Son illərdə onlayn alış-verişin geniş yayılması bir çox üstünlüklərlə yanaşı, müəyyən sualları da gündəmə gətirir. Belə hallardan biri də fiziki mağazası olmayan şirkətlərdən edilən sifarişlər zamanı alıcının çatdırılma haqqı ödəməyə məcbur qalmasıdır.
Əgər müştəri konkret bir məhsulu mağazadan almaq imkanına malikdirsə, lakin rahatlıq baxımından çatdırılmanı seçirsə, bu zaman çatdırılma haqqının tətbiq edilməsi normal qarşılanır. Lakin bəzi hallarda fiziki satış nöqtəsi ümumiyyətlə olmadığından və alıcı məhsulu yalnız onlayn sifarişlə əldə edə bildiyindən, məcbur qalıb çatdırılma üçün əlavə ödəniş edir.
Maraqlıdır, mağaza yoxdursa, çatdırılma haqqının ödənilməsi alıcının məsuliyyəti sayılmalıdırmı?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, satıcı (icraçı) istehlakçını maraqlandıran malın, işin və ya xidmətin qiyməti, istehlak xassələri, əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
"Elektron ticarət haqqında" Azərbaycan Respublikası Qanununa görə, Azərbaycan Respublikasında elektron ticarət iştirakçıların iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə əsaslanır.
Həmin Qanuna görə, alıcı sifariş verməzdən əvvəl satıcı tərəfindən təchizatçının adı, ünvanı, malların, işlərin və ya xidmətlərin xüsusiyyətləri barədə əsas məlumatlar, vergilər nəzərə alınmaqla malların qiymətləri, çatdırılma nəzərdə tutulduqda, onun xərci və digər şərtləri, ödəniş və sifarişin icra olunma şərtləri barədə, habelə sözügedən qanunvericiliklə müəyyən edilmiş digər məlumatlarla təmin olunmalıdır.
Qeyd olunub ki, qanunvericiliyin tələbindən göründüyü kimi, çatdırılma xərci və şərtləri barədə öncədən istehlakçılara düzgün və dolğun məlumat verilməlidir. Həmçinin əşyanı nümunəyə və ya təsvirə əsasən satarkən satıcı alıcıya nümunəyə və ya təsvirə uyğun gələn əşya verməyə borcludur.
"İstehlakçılar mal (iş, xidmət) ilə bağlı dolğun və düzgün məlumat almaq hüquqlarının pozulması halları ilə üzləşən zaman Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected]) vasitəsilə müraciət edə bilərlər".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Milli.Az-a açıqlamasında bildirib ki, bu məsələ mağazanın öz siyasətidir:
"Çatdırılmanın ödənişli olub-olmamasını yalnız satıcı müəyyən edə bilər".
Mina Mikayılova
Milli.Az