Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək

30 Dekabr 2025 11:52

Azərbaycan Somali ilə diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək.

Milli.Az-ın məlumatına görə, bununla bağlı məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.

Bildirilib ki, 2025-ci il 15 oktyabr tarixində Kampala şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş iki dövlət arasında diplomatik münasibətlərin inkişaf etdirilməsi və rəsmi səfərlərin sadələşdirilməsi məqsədi daşıyır.

Sazişə əsasən, tərəflərin etibarlı diplomatik pasportlara malik vətəndaşları digər tərəfin ərazisinə daxil olmaq, oradan çıxmaq və tranzit keçmək üçün vizadan azad edilir və hər 180 gün ərzində 90 gündən artıq olmayan müddətdə həmin ərazidə qala bilərlər. Qalmanın 90 gündən artıq olması hallarında qəbul edən dövlətin milli qanunvericiliyinə uyğun olaraq viza və müvafiq icazənin alınması tələb olunur.

Saziş diplomatik nümayəndəliklərdə, konsulluqlarda və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik pasport sahiblərinin və onların ailə üzvlərinin hüquqi statusunu tənzimləyir, habelə diplomatik pasportların itirilməsi və ya dəyişdirilməsi hallarında qarşılıqlı məlumatlandırma və yeni səyahət sənədlərinin verilməsi mexanizmini müəyyən edir.

Bununla yanaşı, Saziş milli təhlükəsizlik, ictimai asayiş və ictimai sağlamlığın qorunması məqsədilə tərəflərin öz qanunvericiliklərinə uyğun olaraq ölkəyə giriş, qalma müddəti və arzuolunmaz şəxslərlə bağlı tədbirlər görmək hüququnu saxlayır.

Saziş tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlanmasını təsdiq edən son yazılı bildirişin diplomatik kanallar vasitəsilə alındığı tarixdən doxsanıncı gündə qüvvəyə minir, 5 il müddətinə bağlanır və avtomatik olaraq növbəti beş illik dövrlər üçün uzadılır.

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Milli.Az