Biləsuvar şəhəri Qara Qarayev küçəsində yaşayan bir qrup sakin qazın zəif təzyiqindən şikayətçidir.
Bu barədə Milli.Az-a şikayət daxil olub.
Sakinlərin bildirdiyinə görə, havalar soyuyan gündən bu problem daha da kəskinləşib və artıq gündəlik məişətə ciddi təsir göstərir.
Onların sözlərinə görə, qazın təzyiqinin aşağı olması səbəbindən evlərin lazımi səviyyədə isidilməsi mümkün olmur, yemək bişirərkən isə tez-tez çətinliklər yaranır. Xüsusilə axşam saatlarında qazın demək olar ki, yanmaması sakinlərin narazılığına səbəb olur.
"Soyuq havalarda uşaqlar, yaşlılar əziyyət çəkir. Qaz var, amma təzyiq o qədər zəifdir ki, istifadə etmək mümkün deyil", - deyə sakinlər bildirir.
Qeyd olunub ki, problem ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, indiyədək konkret nəticə əldə olunmayıb. Müvafiq xidmət əməkdaşları tərəfindən baxış keçirildiyi bildirilsə də, vəziyyət dəyişməz olaraq qalır.
Sakinlər ümid edirlər ki, yaxın günlərdə məsələ nəzarətə götürüləcək və Qara Qarayev küçəsində qazın təzyiqi normaya salınacaq. Əks halda, soyuq qış günlərində bu vəziyyətin daha ciddi sosial problemə çevriləcəyindən narahatdırlar.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyi ilə əlaqə saxladıq.
Qurumdan Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, qazın təzyiqi ilə bağlı kütləvi olaraq problem yaşanmır.
Verilən məlumata görə, bəzi ərazilərdə lokal xarakterli təzyiq problemləri yarana bilər. Bu cür hallar sakinlərin müraciətləri və ya əməkdaşların ərazi üzrə apardıqları müşahidələr nəticəsində aşkar olunduqda, dərhal operativ tədbirlər görülür.
Qeyd olunub ki, məqsəd təzyiqin normallaşdırılması və stabil vəziyyətə gətirilməsidir:
"Sizin göndərdiyiniz ünvanla bağlı məsələ artıq aidiyyəti üzrə yönləndirilib. Əməkdaşlarımız operativ olaraq əraziyə baxış keçirəcək. Təzyiqin hansı formada, hansı vəziyyətdə olduğunu təftiş etdikdən sonra vəziyyətin normallaşdırılması üçün zəruri addımlar atacaqlar".
Mina Mikayılova
Milli.Az