2026 Yeni İl süfrəsi: At İlində şans gətirən təamlar

30 Dekabr 2025 08:24

Yeni il süfrələri təkcə dad üçün deyil, həm də il boyu bizi müşayiət edəcək enerji üçün hazırlanır. At simvolu təbiilik, güc, canlılıq və azadlıqla əlaqələndirilir. Bu səbəbdən 2026-cı ilin menyusunda ağır və mürəkkəb yeməklər deyil, təzə məhsullarla hazırlanmış, balanslı və göz oxşayan təamlar üstünlük təşkil etməlidir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin rəyinə görə, At ilində süfrənin əsasını tərəvəzlər, meyvələr, dənli bitkilər və yüngül proteinlər təşkil etməlidir. Süfrə bol çeşidli olmalı, lakin yağlı və həddindən artıq ət ağırlıqlı olmamalıdır. Ev üsulu ilə hazırlanmış, sadə və "canlı" görünən qablar bu il daha uğurlu sayılır.

Yaşıl, qırmızı və torpaq tonları həm yeməklərdə, həm də süfrə düzümündə üstünlük təşkil etməlidir.

1. Başlanğıclar və Məzələr: Mövsüm göyərtiləri ilə hazırlanmış bol salatlar, zeytun yağı ilə hazırlanmış tərəvəz çeşidləri, qatıqlı məzələr, humus və ya mərci küftəsi. Nar və alma ilə bəzədilmiş boşqablar xüsusi şans rəmzi hesab olunur.

2. Ara İsti Yeməklər: Tərəvəzli börəklər, sobada bişmiş balqabaq və ya gül kələmi, tərəvəzli isti qəlyanaltılar.

3. Ana Yeməklər: Qrill və ya sobada balıq, tərəvəzli plov və ya bulqur plovu, sobada tərəvəzli toyuq. Əgər ət istifadə olunacaqsa, mütləq tərəvəzlərlə balanslaşdırılmış və ölçülü porsiyalar seçilməlidir.

4. İçkilər: Təbii nar şirəsi, ev üsulu kompotlar, meyvə əsaslı təbii içkilər.

5. Şirniyyatlar: Meyvə salatları, almalı və ya portağallı keks, südlü şirniyyatlar, irmik halvası və ya nar dənələri ilə bəzədilmiş yüngül desertlər.

Hazır və ağır yağlı souslar əvəzinə qatıq, zeytun yağı və limon əsaslı souslara üstünlük vermək tövsiyə olunur. Meyvə və çərəz seçimində qırmızı tonların üstünlük təşkil etməsi rəmzi baxımdan müsbət qəbul edilir.

Yeni il masasında ağac (taxta), kətan, pambıq kimi təbii materiallar ön plana çıxmalıdır. Şamlar, küknar budaqları, qozalar və sitrus meyvələri (portağal, limon) süfrəyə isti və balanslı bir atmosfer qazandıracaq. Göstərişdən çox, səmimiyyət və uyğunluq əsas olmalıdır.

Lalə Qüdrətova
Milli.Az